Litva hökuməti avqustun 18-dən Litva-Belarus sərhədindəki 6 sərhəd-nəzarət məntəqəsindən 2-nin işini müvəqqəti olaraq dayandıracaq.
“Report” Litva hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar Belarusla sərhəddə təhdidləri azaltmaq üçün qəbul edilib.
Bildirilib ki, Litva Nəqliyyat Nazirliyinin bu təklifi hökumətin bu gün keçirilən iclasında təsdiqlənib.
Bu qərara əsasən, “Şumskas” (Belarusda “Loşa”) və “Tveryaçyus” (“Vidzı”) sərhəd-nəzarət məntəqələri bağlanacaq. Litvanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat verib ki, nəqliyyat vasitələrinin hərəkəti ən böyük sərhəd-keçid məntəqəsi olan “Myadininkay” vasitəsilə həyata keçiriləcək.
Belarusun Dövlət Sərhəd Komitəsi isə bəyan edib ki, Litva hakimiyyətinin avqustun 18-dən iki sərhəd-nəzarət məntəqəsini bağlamaqla bağlı qərarı növbəti qeyri-dost addımdır.
Belarusun Dövlət Sərhəd Komitəsinin məlumatında qeyd edilib ki, Litva tərəfi bu qərarını mümkün təhlükəsizlik təhdidi, o cümlədən “Vaqner” xüsusi hərbi təşkilatının Belarus ərazisində olması ilə əsaslandırıb.