Litvanın Anikşçyay şəhərində koronavirusun bilinməyən mutasiyası qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli İctimai Sağlamlıq Mərkəzinin regional departamentinin direktoru Birute Sapkauskene milli radionun efirində bildirib.
“Anikşçyayın rayon mərkəzində Britaniya, Cənubi Afrika və ya bizə bəlli olan hər hansı ştammla əlaqəli olmayan mutasiyanın səbəb olduğu koronavirusa yoluxma halları qeydə alınıb”, - o deyib.
Direktor Litvanın digər yerlərində mutasiyaya uğramış koronavirusun bu növ müxtəlifliyinə rast gəlinmədiyini də sözlərinə əlavə edib.
“Anikşçyayda 35 yoluxma hadisəsi qeydə alınıb. Bu ştammın daşıyıcısı olan insanların təxminən üçdə biri artıq sağalıb”, - B.Sapkauskene söyləyib.
Onların əksəriyyəti, həkimlərin qeyd etdiyi kimi, simptom olmadan xəstəlik keçiriblər, yalnız bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
“Sanki qeyri-adi bir şey yoxdur. Qeydə alınan növ müxtəlifliyinin insandan insana ötürülmə baxımından xüsusilə aqressiv olduğuna dair heç bir dəlil yoxdur. Əlavə müşahidələrə ehtiyac var”, - direktor bildirib.