Livan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) kredit sazişi bağlamağa yaxındır.
“Report” xəbər verir ki, bu barədə “AL Jadeed” Livanın baş nazirinin müavini Saade al-Şami bildirib.
Onun sözlərinə görə, danışıqlarda irəliləyiş əldə olunarsa, bu ilin sonuna qədər BVF ilə razılaşma 75% hazır olacaq.
Eyni zamanda, Saade al-Şami etiraf edib ki, kapitala nəzarət qanununun parlament tərəfindən təsdiqlənməsi məsələsi çətin irəliləyir. Belə ki, layihə dekabrın əvvəlində deputatlar tərəfindən rədd edilib və yenidən baxılmaq üçün geri göndərilib.
Dekabrın 7-də prezident Mişel Aun ilə görüşdə BVF-nin regional direktoru Ernesto Ramirez Riqo Livan tərəfinə iqtisadi və maliyyə böhranının aradan qaldırılması üçün hərtərəfli islahatlar planının hazırlanmasında yardım etməyə hazır olduğunu bildirib.
Beyrutun iqtisadi bərpa proqramını həyata keçirmək üçün 9-10 milyard ABŞ dolları həcmində yardım paketinə ehtiyacı var.
Bu məbləği almaq üçün hökumət BVF-nin bank sektorunun və vergi sistemində islahatların aparılmasını, dövlət borcunun restrukturizasiyasını, bütün əsas maddələr üzrə subsidiyaların ləğvini və kapitala nəzarət qanununun parlament tərəfindən təsdiq edilməsini özündə ehtiva edən şərtləri yerinə yetirməlidir.