Liviya Nümayəndələr Məclisi Əbdülhəmid Dibeybenin başçılıq etdiyi hökumətə etimad göstərib.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” yayıb.
Bildirilib ki, milli etimad hökuməti 26 nazirdən ibarətdir. Məclisin toplantısı Liviyanın paytaxtı Tripolidən 450 km şərqdə yerləşən Sirte şəhərində 3 gün davam edib. İclasda 133 nəfər iştirak edib. Onların 132-si hökumətin tərkibinin lehinə səs verib. Bir nəfər tərəfsiz qalıb.
Nümayəndələr Məclisinin sədri Aqilə Salih bildirib ki, məclis hökumətə BMT-nin “yol xəritəsində” nəzərdə tutulan seçkilərədək səlahiyyət verib.
Ə.Dibeybe vəd edilən tarixdə seçkiləri keçirməyə çalışacaqlarını vurğulayıb. Baş nazir Liviyanın bölünməyəcəyini, təkrar savaşın olmayacağını bildirib.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə keçirilən Liviya Siyasi Dialoq Forumunun “yol xəritəsinə” görə Prezidentlik Şurasının sədri Məhəmməd əl-Menefi, baş nazir Əbdülhəmid Dibeybe və hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 21-dəkdir. Bu tarxidə ölkədə seçkilərin keçirilməsi nəzərdə tutulub.