Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) respublikanın ərazisində terror aktları hazırlamaqda ittiham edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı dövlət televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, Venesuela hakimiyyətinə ABŞ prezidenti Donald Tramp hökumətinin Venesuelaya hücumların təşkili üçün Birləşmiş Ştatların Narkotiklərin Yayılmasına qarşı Mübarizə üzrə İdarəsindən istifadə etməsi məlumdur. Maduro bildirib ki, indi ABŞ hökuməti MKİ və onun bilavasitə agentlərinə gizli terror əməliyyatları keçirməyə icazə verib.
Hazırlanan hücumların neft obyektləri, hərbi obyektlər, elektrik enerjisi və seçki prosesi də daxil olmaqla, bir sıra sahələri hədəf aldığı iddia edilir. Eyni zamanda, prezident daha əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının rəsmi Vaşinqtonun planlarını ortaya qoyan nümayəndələrindən birinin Venesuelada tutulduğunu xatırladıb.