Malayziya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasına nəzarəti gücləndirmək məqsədilə 12 may – 7 iyun tarixləri arasında sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Muhiddin Yassin bu gün xalqa xüsusi müraciətində bildirib.
“The Star” qəzetinin onlayn versiyasında yazılana görə, fövqəladə hallar və yük, tədarük və təcili yardım maşınlarının hərəkəti istisna olmaqla, ölkənin vilayətləri arasında bütün hərəkətlər qadağandır.
Malayziyada Ramazan bayramı günü reallaşan digər vilayətlərdə yaşayan qohumları ziyarət etmək də bu il qadağan edilib.
Ölkənin bütün təhsil müəssisələri, xarici universitetlərə qəbul üçün beynəlxalq imtahanların orada keçirildiyi hallar istisna olmaqla, göstərilən dövrdə bağlı olacaq.
Qeyd edək ki, Malayziyada son günlərdə COVID-19-a yoluxma sayında gündəlik üç min və ya daha artım müşahidə edilirdi.