Malayziya KXDR-in ikitərəfli diplomatik əlaqələrin kəsilməsinə dair qərarını dost olmayan və hörmətsiz münasibət adlandırıb və Şimali Koreya səfirliyinin işçilərindən və ailələrindən 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Malayziya KXDR-in 19 mart tarixində diplomatik münasibətləri kəsmək qərarından dərin təəssüf hissi keçirir. Bu qərarı qınayırıq və beynəlxalq birliyin üzvləri arasındakı qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə məhəl qoymayan pis və qeyri-konstruktiv qərar hesab edirik”, - bəyanatda deyilir.
Həmçinin Malayziyanın fəaliyyəti 2017-ci ildən bəri dayandırılmış Pxenyandakı səfirliyini bağlamaq məcburiyyətində qaldığı vurğulanıb.
Daha əvvəl Koreyanın Mərkəzi Teleqraf Agentliyi Malayziyanın Şimali Koreya vətəndaşını ABŞ-a ekstradisiya etmək qərarı səbəbindən Pxenyan Kuala Lumpur ilə diplomatik münasibətləri kəsmək niyyətində olduğunu bildirmişdi.
Bundan öncə isə Malayziya Ali Məhkəməsi beynəlxalq sanksiyaları aşaraq çirkli pulların yuyulması və Pxenyana lüks malların tədarükü şübhəsi ilə ABŞ-a ekstradisiya edilməli olan KXDR vətəndaşının apellyasiya şikayətini rədd etmişdi. Malayziya XİN-in açıqlamasında KXDR vətəndaşının ABŞ-a ekstradisiya qərarının qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi prinsiplərinə uyğun olaraq verildiyi bildirilib.