Mali hakimiyyəti rəsmi Parisin keçid hökuməti ilə bağlı "düşməncəsinə və qəzəbli" davranışından sonra Fransa səfirinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.
“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Fransanın xarici işlər naziri Jan-İv-Le Drian cümə günü deyib ki, iki çevrilişdən sonra Qərbi Afrika dövləti ilə onun avropalı tərəfdaşları arasında gərginliyin artması fonunda Mali xuntası "nəzarətdən çıxıb". O, həmçinin xuntanı qeyri-qanuni adlandırıb. Fransanın müdafiə naziri Florens Parli isə bildirib ki, qiymət çox baha olarsa, fransız qoşunlar Malidə qalmayacaq.
"Fransanın Bamakodakı səfiri çağırılıb və Fransa xarici işlər nazirinin son düşmənçilik, təhqiramiz şərhindən sonra 72 saat ərzində ölkəni tərk etməsi barədə hökumətin qərarı barədə məlumatlandırılıb", - hökumətin bəyanatında deyilir.
Rəsmi Paris hələlik bununla bağlı heç bir şərh verməyib.
Fransa Malinin paytaxtına doğru irəliləyən islamçı yaraqlıları sıxışdırmaq üçün 2013-cü ildən bu günə kimi həmin ölkədə qoşun saxlayır.