ABŞ-ın Manhetten prokurorluğu ermənipərəst çıxışları ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendezin həyat yoldaşı Nadin Arslanyanın ərinin mövqeyinə təsir göstərmək istəyən şəxslərdən hədiyyə almasını və ya onların xidmətlərindən yararlanmasını araşdırır.
“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, N.Arslanyanın tərəfdaşları Nyu-Yorkun Cənub Dairəsi üzrə prokurorluğun apardığı istintaq prosesi çərçivəsində məhkəməyə çağırılıb və onlardan həm Nadine Arslanyan, həm də Robert Menendez haqqında məlumat vermələri istənilib.
Bu istintaq amerikalı senatorun 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət alması ilə bağlı istintaqdan ayrı aparılır. Həmin vaxt prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsindən səyahət etməkdə günahlandırıblar.
Nadine Arslanyana qarşı hazırkı istintaq azı 2019-cu ildə baş vermiş hadisələrlə bağlıdır. Belə ki, həmin vaxt Misirə ixrac olunan ətin halal olduğunu sertifikatlaşdırmağa icazəsi olan yeganə şirkətin rəhbəri Nyu-Cersili iş adamı Vael Xananın əmlakında axtarış aparmaq üçün icazə verilib. Həmin şəxs isə N.Arslanyanın ortağıdır.
Prokurorluq iş materiallarına əsasən, mümkün gizli xarici lobbiçilik faktının olub-olmadığını araşdırır.