Terror fəaliyyətinin xüsusilə də Mərkəzi Asiyada yerləşən MBD ölkələrinin ərazisinə keçmək riski var.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu MDB Antiterror mərkəzinin rəhbəri Andrey Novikov bildirib.
O qeyd edib ki, Əfqanıstanda “Taliban”dan savayı digər terror qruplaşmaları da fəaliyyət göstərir və onlar nə “talibançılar”a, nə də beynəlxalq strukturların qətnamələrinə tabe olmaq niyyətində deyillər.
“Əfqanıstanda yerləşən bu terror təşkilatlarının öz siyasi hədəflərini həmsərhəd ölkələrin, o cümlədən MDB ölkələrinin ərazisində həyata keçirməyi planlaşdırma ehtimalı var”, - Novikov deyib.
O bildirib ki, Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra MDB ölkələrinin əks-kəşfiyyat bölmələri yüksək hazırlıq vəziyyətinə gətiriliblər.
“Bunun Misir, Liviya, Suriyada necə baş verdiyini yaxşı xatırlayırıq. İndiyədək yatmış olan bütün təşkilatlar şübhəsiz ki, silahlanmağa çalışırlar. Bunun baş verməməsi üçün sərhədlərin mühafizəsi, qaçaqmalçılıqla mübarizə gücləndirilir, xüsusi xidmət orqanları ölkə ərazisinə silah keçirilməsinin qarşısını almaq üçün operativ fəaliyyət göstərirlər”, - Novikov fikrini tamamlayıb.