Almaniya kansleri Angela Merkel və əyalət baş naziləri yenidən koronavirus pandemiyası tədbirlərinə görə qarşı-qarşıya gəliblər.
“Report”un Avropa bürosu xəbər verir ki, xanım Merkel yoluxma və ölüm hallarının daha da artması səbəbindən bütün ölkəboyu üçüncü qapanmaya gedilməsini təklif edib.
Ancaq bu dəfə də Almaniya kansleri əyalət baş nazirlərinin sərt reaksiyası ilə üzləşib.
Xanım Merkelə yekdilliklə etiraz edən əyalət baş nazirlərinə görə, bu, hökumətin əvvəlki normal həyata qayıtmaq üçün sürətləndirdiyi tədbirlərin qarşısına bir sədd çəkir.
Alman mediasının xəbərinə görə, baş nazirlərin etirazına baxmayaraq vitse-kansler Olaf Şolts Bundestaqdakı fraksiyalar və əyalət baş nazirlərinin müzakirəsi üçün növbəti pandemiya tədbirlər paketini hazırlayıb. Paketin detallarının bu həftə kansler Angela Merkel ilə əyalət baş nazirlərinin görüşündən sonra açıqlanacağı gözlənilir.
Mediaya sızan məlumatlara görə, O.Şoltsun tədbirlər paketi insidans (hər 100 min əhalidən 100-nün virusa yoluxması) dəyərlərinə görə qruplaşdırılıb. İnsidans dəyəri 100-dən çox olan şəhərlərdə sərt karantin rejimi tətbiq ediləcək. Bu da təhsil müəssisələrinin yenidən onlayn dərsə keçməsi, mağaza və marketlərdən başqa digər iaşə obyektlərinin bağlanması deməkdir.
Yeni tədbirlər paketində 14 yaşından yuxarı yalnız 5 nəfərin görüşməsinə icazə verilir. Saat 21-dən 5-dək küçəyə çıxma qadağasının tətbiq edilməsi gözlənilir. Bütün əyalətlərdə hazırda əvvəlcədən görüş vaxtı təyin etməklə alış-verişin mümkün olduğu geyim və elektronika mağazaları bağlana, yalnız qida, bağça ləvazimatları, gigeyina məhsulları satan mağazalar, bərbərxanalar və yanacaq doldurma məntəqələri açıq qala bilər.
Muzey, teatr, zoopark və bonatika bağlarının fəaliyyətinə növbəti qərara qədər icazə verilməyəcək.
İnsidans dəyərinin 200-dən çox olduğu şəhərlərdə məktəblər bağlanacaq, yenidən onlayn təhsilə keçiləcək. 100-200 arası insidans dəyəri olan şəhərlərdə məktəblilər və müəllimlər həftədə iki dəfə olmaqla sürətli koronavirus testi verəcəklər.
Almaniyada infeksion xəstəlikləri öyrənən Robert Kox İnsitutunun yaydığı son məlumata görə, hazırda ölkədə 248 800 aktiv koronavirus daşıyıcısı var. İndiyə kimi 78 353 nəfər bu virus səbəbindən həyatını itirib, virusa yoluxan 2 671 200 nəfər isə sağalıb. Hazırda Almaniya üzrə insidans dəyəri 129,2 olaraq dəyərləndirilir.