"Əfqanıstanda iqtidarın “Taliban” hərəkatının əlinə keçməsi Birləşmiş Krallığı 2001-ci il 11 sentyabr terror hücumlarına bənzər təhlükə qarşısında qoyub".
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın “Mİ5” hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bildirib.
Son 4 ildə ölkədə 31 terror qəsdinin qarşısını aldıqlarını diqqətə çatdıran kəşfiyyat rəhbəri daha sonra deyib:
“Əfqanıstandan gələn mühüm bir problem ilhamverici təsirlə yanaşı, həm də terrorçuların qarşımıza daha təkmil, mənfur üsullar çıxaracaqları təhlükəsidir”.
2006-cı ildə London Hitrou Hava Limanından qalxan 7 təyyarəni vurmaq planını pozduqlarını xatırladan general Makkalum qeyd edib ki, Əfqanıstanda 20 ildir terrorçuluğa qarşı aparılan mübarizə nəticəsində bu cür irimiqyaslı qəsdlər nadir hala çevrilib.