Livan İsraillə danışıqlara hazırdır.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, bunu Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati (Najib Mikati) Beyrutda BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua (Jean-Pierre Lacroix) ilə görüşdə bildirib.
“Livan uzunmüddətli sabitliyə nail olmaq üçün danışıqları başlamağa hazırdır”, - o vurğulayıb.
N.Mikati beynəlxalq vasitəçilərin onlara müharibə təhdidlərinə cavab olaraq məsələləri danışıqlar yolu ilə uzunmüddətli sülhə çağırdığını qeyd edib.
Məlumata görə, yaxın günlərdə Beyruta ABŞ administrasiyasının xüsusi emissarı Amos Hoxşteynin (Amos Hochstein) səfəri gözlənilir. Səfərdən əvvəl o, Avropa paytaxtlarından birində Livan parlamentinin sədr müavini, Livanın keçmiş müdafiə naziri Elias Bou Saab ilə görüşəcək.
Xatırladaq ki, yanvarın 9-da Beyrutda nəşr olunan, “Hizbullah” terror qruplaşması ilə əlaqəsi olan “Əl-Əxbar” qəzeti Livanın İsraillə danışıqlardakı şərtlərinin siyahısını dərc etmişdi. Bu hərbi-siyasi qruplaşma danışıqların yalnız Qəzza zolağında atəşkəsdən sonra mümkün olacağını vurğulamışdı.
Şərtlərə əsasən, Livan Ras əl-Nakura bölgəsindəki B1 bəndi məsələsinin həllini tələb edir ki, bu da sahil zolağında “şarj xətti” adlanan ərazinin suverenliyi məsələlərində dəyişiklik tələb edir. Bundan başqa, qarşı tərəf İsraildən qeyri-aktiv Roş a-Nikra dəmir yolu tunelini Livana verilməsini istəyir. Şərtlərə görə, İsrail sərhəd rolunu oynayan Mavi xətti keçməməyi öhdəsinə götürməlidir.