Bu gün Liviyanın şərqindəki Sidi Əl Həmri şəhərində son 15 ilin ilk qarı yağıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Liviya Milli Meteorologiya Mərkəzi şərqdəki Cəbəl Əxdər bölgəsindən qarlı mənzərəni əks etdirən videogörüntü paylaşıb.
Bölgədə gecə saatlarında hərarətin sıfır dərəcəyə endiyi bildirilir.
Həmçinin qonşu Misirin qərb sərhədi yaxınlığındakı Sidi Bərrani şəhərində, həmçinin son günlər leysan yağışların yağdığı İsgəndəriyyədə, Sinai yarımadasının yüksək bölgəsində yerləşən Müqəddəs Katerin (Cəbəl Katerin) şəhərində də qar yağıb. Həmin bölgədə hava hərarəti mənfi 2 dərəcəyədək enib.
Bu həftənin əvvəlində verilən proqnoza görə, havaların soyuyacağı, Qahirədə də qar yağacağı və 75 km/saatadək fırtına olacağı bildirilib.