Həftəsonu Mozambiki çənginə alan və güclü yağışlara, daşqınlara və dağıntılara səbəb olan tropik “Eloiza” fırtınası nəticəsində 7 minə yaxın ölkə sakini yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Club of Mozambique” portalı məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində əsasən Buzi, Dondon, Nyamatanda bölgələrində və Beyra şəhərində (Sofala vilayətində) 5 mindən çox ev dağılıb. Həmçinin 136 min hektardan çox ərazidə əkin sahələri su altında qalıb, 9 məktəb dağıdılıb, 17 təhsil müəssisəsi və 11 xəstəxanaya ziyan dəyib.
“Əhalinin təcili qida, içməli su, yorğan və çadır ehtiyatlarına ehtiyacı var. Bölgənin bir çox hissəsinin suyun altında qalmasını, elektrik xətlərinin zədələnməsini nəzərə alsaq, yardımların çatdırılması xüsusilə çətin olacaq”, - “ActionAid Mozambique” xeyriyyə cəmiyyətinin meneceri Marsiya Penisela portala açıqlamasında bildirib.
Mozambik Milli İdarəetmə və Riskin Azaldılması İnstitutunun məlumatına görə, “Eloiza” keçidi zamanı küləyin sürəti 41,6 metr/saniyəyə çatıb.