Myanmada son iki gündə baş verən toqquşmalar nəticəsində 16 hərbçi ölüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı yerli “The Irrawaddy” qəzeti yayıb.
Ölkənin Saqainq əyalətinin Kani rayonunda əsgərlər hərbi rejimə etiraz edən insanlara atəş açıb. Aksiyaçılar onlara kustar üsulla hazırlanan silahlarla cavab veriblər. Nəticədə 16 hərbçi ölüb.
Məlumata görə, hərbiçilərə cavab atəşi açan “Mülki Müqavimət Qüvvələri” adlı silahlı qrupdur.
Qeyd edək ki, Myanma ordusunun etirazçılara açdığı atəş nəticəsində həyatını itirən mülki vətəndaşların sayı 774-ə yüksəlib. Hərbi rejim 3 778 nəfəri həbs edib.
Xatırladaq ki, 2020-ci il noyabrın 8-də Myanmada keçirilən parlament seçkilərində saxtakarlıq edildiyi iddiası ilə ölkədə siyasi gərginlik artmışdı. Bu isə fevralın 1-də ordunun hakimiyyət çevrilişi etməsi ilə nəticələnib.