Myanma hərbçilərinin Kaçin Müstəqillik Təşkilatının (KMT) yaradılmasının ildönümünü qeyd edərkən həyata keçirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın insan həlak olub, daha 100 nəfər isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “İrravaddu” nəşri məlumat yayıb.
Məlumata görə, Kaçin ştatının kəndlərindən birində KMT-nin yaradılmasının 62-ci ildönümü münasibətilə keçirilən konsert zamanı üç təyyarə avizərbələr endirib. Ölənlər arasında Kaçin Müstəqillik Ordusu (KMO) və KMT nümayəndələri, Kaçin etnik qrupunun tanınmış ifaçıları, mülki şəxslər də var.
Qeyd edək ki, KMT 1960-cı il oktyabrın 25-də yaradılıb. O, siyasi təşkilatdır və onun silahlı qanadı olan KMO Myanma hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Keçən il hərbçilər hakimiyyətə gəldikdən sonra KMO Kaçin ştatında üsyançı əməliyyatlara başlayıb.
KMO sözçüsü No Bu qeyd edib ki, hərbçilər belə tədbirlərin böyük izdihamla baş tutduğunu yaxşı bilir, ona görə də hava zərbələri mülki əhaliyə qarşı endirilib. O, bununla KMT-KMO ilə Myanma ordusu arasında mümkün sülhün üstündən çarpaz xətlər çəkildiyini də bildirib.