Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 328 nəfərə çatıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının hesabatında deyilir.
Təşkilatın məlumatına görə, həlak olanların əksəriyyəti 18-24 yaş qrupları arasında olan insanlardır.
Daha əvvəl təşkilat 320 nəfərin həlak olması haqqında bildirib.
Fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanmanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub.
Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.