Niderlandın paytaxtı Amsterdamda antisemitizmə qarşı nümayişdə yüzlərlə iştirakçı toplanıb. Yerli yəhudi və xristian təşkilatlarının təşəbbüsü ilə təşkil olunan aksiya sakit şəraitdə keçirilib, ciddi insidentlər qeydə alınmayıb.
“Report”un məlumatına görə, bu barədə NOS telekanalı xəbər verib.
Bələdiyyə binasının qarşısında keçirilən aksiyanın bir çox iştirakçısı yəhudi dövlətini dəstəkləmək üçün əllərində İsrail bayraqları və plakatları tutublar. Asayişi təmin etmək üçün nümayişdə hüquq-mühafizə orqanlarının çoxlu sayda əməkdaşları, o cümlədən atlı polis və xüsusi təyinatlılar iştirak edib. Aksiyanın bir neçə əleyhdarı onun keçirilməsinə mane olmağa çalışsa da, polis əməkdaşları tərəfindən çıxarılaraq Muzey meydanına göndərilib.