Nigerdə leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində iyun ayından azı 75 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.
Avqustun 28-nə olan məlumata görə, 75 ölüm hadisəsindən əlavə, 102 nəfər də xəsarət alıb, 108 346 nəfər güclü yağışlardan zərər çəkib. 12 700 ev dağılıb və ya ciddi zərər görüb.
Ən ağır vəziyyət Zinder, Maradi və Tilaberi bölgələrində qalmaqdadır. Səlahiyyətlilər bu bölgələrin əhalisinə kömək etmək üçün təcili tədbirlər görür. Artıq 628 tondan çox taxıl və un paylanılıb.
Sinoptiklər yaxın həftələrdə güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edirlər. Nigerdə yağışlı mövsüm iyundan sentyabrın əvvəlinə qədər davam edir.