Nigeriya Avropaya qaz ixrac etmək üçün ölkəni Əlcəzair ilə birləşdirəcək qaz kəməri çəkəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın dövlət neft naziri Timipre Silva Milanda keçirilən “Gastec 2022” neft-qaz konfransı çərçivəsində bildirib.
“Qazı birbaşa Avropaya satmaq üçün Əlcəzair üzərindən qaz kəməri tikirik”, - ANSA agentliyi Silvadan sitat gətirib. Amma dövlət naziri tikintinin başa çatması ilə bağlı dəqiq tarix açıqlamayıb, sadəcə qeyd edib ki, həm Əlcəzair, həm də Nigeriya öz şəbəkələrini tamamlayıblar və indi onların bir-birinə qoşulması lazımdır.
“Hidrogen Nigeriya üçün imkandır, lakin bizim üçün ən böyük fürsət birbaşa Avropaya qaz tədarük etməkdir. Ehtiyatlarımız 206 trilyon kubfutdur, lakin bu gün biz 8 milyard hasil edirik. Yeni geoloji-kəşfiyyat işləri ilə ehtiyatları üç dəfə artıraraq 206 trilyondan 600 trilyon kubfuta çatdırmağı düşünürük”, - Silva söyləyib.