ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-York metrosunda qorxu hökm sürür.
“Report”un yerli bürosu xəbər verir ki, dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən biri, ən çox stansiyaya sahib olan Nyu-York metrosu bu günlərdə dünyanın ən təhlükəli yerlərindən birinə çevrilib. Belə ki, hər gün minlərlə sərnişini mənzil başına çatdıran Nyu-York metrosu son günlərdə cinayətkarlara və evsiz insanlara ev sahibliyi edir. Metroda az qala hər gün baş verən hücumlar səbəbindən sərnişinlər qorxu içindədilər. Elə bu səbəbdən də metrodan istifadə edən əhalinin və turistlərin sayı kəskin şəkildə azalıb. Metro stansiyalarında baş verən cinayət hadisələri yerli medianın gündəmini zəbt edib.
Stansiyalarda cinayət hadisələrinin artması ilə əlaqədar Nyu-York Polis Departamenti gücləndirilmiş iş rejimində çalışır. Polislər şəhərin Kuins (Queens), Bruklin
(Brooklyn), Bronks (Bronx) və Manhetten (Manhattan) rayonlarının bəzi yerlərində stansiyaları 24 saat ərzində mühafizə edirlər.
Nyu-York meri Erik Adams metroya minərkən özünü təhlükəsiz hiss etmədiyini açıqlayıb. Buna baxmayaraq o, şəhər meriyasının işçiləri ilə bərabər metrodan fotolar paylaşıb, Nyu-Yorkluları və şəhərin turistlərini qorxmamağa, metrodan istifadə etməyə çağırıb. “Heç vaxt yatmayan şəhər” kimi tanınan Nyu-Yorkda metro 24 saat ərzində ilin hər günü fasiləsiz xidmət göstərir.
Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metro stansiyasında atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 62 yaşlı Frenk Ceyms ötən gün saxlanılıb. İstintaq gedir.