ABŞ-da Nyu-York şəhərinin rəhbərliyi miqrantların sayını azaltmaq üçün onlara dünyanın istənilən yerinə birtərəfli pulsuz uçuş biletləri təklif etməyə başlayıb.
“Report”un ABŞ bürosu xəbər verir ki, şəhər ötən ildən 130 mindən çox mühacir qəbul edib.
Qeyd olunub ki, hazırda Nyu-York şəhərindəki sığınacaqlarda yer qalmayıb.
Fərdlər üçün 30 və uşaqlı miqrant ailələri üçün 60 gün nəzərdə tutulan müvəqqəti şəhər sığınacaqlarında vəziyyət də acınacaqlıdır. Şəhərin meri Erik Adams mövcud vəziyyətin böhran səviyyəsində olduğunu açıqlayıb.
Şəhərdə miqrantların sayını azaltmaq üçün səylərin gücləndiyini deyən Erik Adams sığınacaq axtaranları dünyanın istənilən yerinə pulsuz, birtərəfli biletlərlə təmin etmək üçün xüsusi ofisin yaradıldığını açıqlayıb.
O, noyabr ayından etibarən qərarın həyata keçiriləcəyini və bununla da şəhərin yükünün bir qədər azalacağını deyib.