Yaponiya hakimiyyəti yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün Tokioda keçiriləcək Yay Olimpiya oyunlarını işıqlandırmaq üçün ölkəyə gələcək xarici jurnalistlərin hərəkətini GPS vasitəsilə izləyəcək və ciddi nəzarət edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Tokio-2020” Olimpiya oyunlarının Təşkilat Komitəsinin rəhbəri Seyko Xasimoto məlumat verib.
Xasimoto qeyd edib ki, xarici jurnalistlərin yerləşdirilməsini daha kompakt etmək üçün xüsusi olaraq xarici mətbuat üçün rezevr edilmiş mehmanxanaların sayı 350-dən 150-dək endirilib.
Təşkilat Komitəsinin rəhbəri məlumat verib ki, xarici jurnalistlərin Yaponiyaya gəldikdən sonra 2 həftə ərzində ictimai nəqliyyatdan istifadə etməsinə qadağa tətbiq olunacaq. Şəhər üzrə işgüzar səfərlər isə Təşkilat Komitəsi əməkdaşlarının nəzarətində olan məkanlar və jurnalistlərin yerləşdiriləcəyi hotellərlə məhdudlaşdırılacaq. O qeyd edib ki, Yaponiyaya daxil olduqdan 14 gün sonra şəxslərin GPS monitorinqi dayandırılacaq.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin pandemiya səbəbindən yarışlar təxirə salındı və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Martın 20-də təşkilatçılar yarışları xarici azarkeşlər olmadan keçirməklə bağlı yekun qərar verdilər. Yerli tamaşaçıların yarışlara buraxılması haqqında qərar isə koronavirusla bağlı vəziyyətdən asılı olaraq iyunda qəbul ediləcək.