Dünyanın 12 dövləti və bütün beynəlxalq humanitar təşkilatlar Şimali Koreyadakı səfirlik və nümayəndəliklərini bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aprelin 1-də Rusiyanın Şimali Koreyadakı səfirliyinin feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirliklərinin əməkdaşları, beynəlxalq humanitar təşkilatların işçiləri Şimali Koreyanı tərk ediblər. Buna səbəb ölkədə yaranmış vəziyyət, bir çox malların və dərman preparatlarının qıtlığıdır.
“Koreya paytaxtını tərk edənləri başa düşmək olar. Çünki heç də hamı total məhdudiyyətlərə, gündəlik tələbat mallarının qıtlığına, o cümlədən dərman preparatlarının çatışmazlığına, səhhətində yaranan problemi həll etmək imkansızlığına dözə bilməz”, - səfirlik bildirib.
Hazırda Şimali Koreyada 9 ölkənin səfiri və 4 dövlətin müvəqqəti işlər vəkili fəaliyyət göstərir.
Qeyd edək ki, Yaponiya hökuməti martın 30-da Koreya Xalq Demokratik Respublikasına qarşı birtərəfli sanksiyaların müddətini daha iki il müddətinə uzadıb.