Pakistan müxalifət partiyası “Ədalət Hərəkatı”nın etirazları səbəbindən gündəlik 190 milyard Pakistan rupisi (təxminən 684,4 milyon dollar) məbləğində maliyyə itkilərinə məruz qalır.
“Report” xəbər verir ki, bu barədə “Geo TV” telekanalı ölkənin maliyyə naziri Məhəmməd Övrəngzibə istinadən bildirib.
“Pakistan müxalifətin etirazları nəticəsində yolların bağlanması və mobil rabitənin kəsilməsi səbəbindən gündəlik 190 milyard rupi həcmində böyük itkilərə məruz qalır. Etirazlar təhlükəsizliyin təmin edilməsi üçün əlavə xərclərə səbəb olur”, – nazir qeyd edib.
Övrəngzibin sözlərinə görə, ölkənin gündəlik ÜDM itkiləri 144 milyard rupi (518,6 milyon dollar) təşkil edir.
“Nümayişlər səbəbindən ixracatın azalması gündəlik 26 milyard rupi (93,7 milyon dollar) məbləğində itkilərə səbəb olur. Birbaşa xarici investisiyalar da əziyyət çəkir ki, bu da gündəlik 3 milyard rupi (10,8 milyon dollar) itki ilə nəticələnir”, – nazir açıqlayıb. Bundan əlavə, kənd təsərrüfatı və sənaye sahələrinin itkiləri müvafiq olaraq 26 milyard rupi (93,7 milyon dollar) və 20 milyard rupi (72 milyon dollar) təşkil edir.
Qeyd edək ki, müxalifətçi “Ədalət Hərəkatı” partiyası noyabrın 24-də federal hakimiyyəti öz tələblərini yerinə yetirməyə məcbur etmək üçün ümummilli etiraz aksiyasına başlayıb. Bu tələblərə İslam Respublikasının Konstitusiyasına oktyabrda edilmiş dəyişikliklərin ləğvi, fevralda keçirilmiş parlament seçkilərinin nəticələrinə yenidən baxılması və partiyanın qurucusu və ölkənin keçmiş baş naziri İmran Xan da daxil olmaqla siyasi məhbusların azad edilməsi daxildir.