Pakistan bu gün 900 kilometr mənzilli “Shaheen-1A” “göy-yer” tipli ballistik raketinin uğurlu uçuş sınaqlarını həyata keçirib.
“Report” xəbər verir, bu barədə DND informasiya agentliyi məlumat verib.
Sınaq uçuşunun məqsədi təkmilləşdirilmiş naviqasiya sistemi də daxil olmaqla, silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin təsdiqlənməsi olub.
Uçuş sınaqlarında Strateji Planlar Departamentinin baş direktoru general-leytenant Nadim Zaki Manj, NESCOM-un sədri doktor Raza Samar, Ordunun Strateji Qüvvələrinin Komandanı general-leytenant Məhəmməd Əli və strateji təşkilatların alimləri və mühəndisləri iştirak ediblər.
General-leytenant Nadim Zaki Manj uğurlu sınaq münasibətilə alimləri və mühəndisləri təbrik edib. O, raketin müvəffəqiyyətlə atılmasında əməyi olan alim və mühəndislərin texniki ustalığını, şücaətini və fədakarlığını yüksək qiymətləndirib.
Pakistan prezidenti, baş nazir, Baş Qərargah və Xidmət Rəisləri Birgə Komitəsinin sədri alimləri və mühəndisləri bugünkü raket sınaqlarının uğurlu keçirilməsi münasibətilə təbrik edib.