Pakistan və Hindistan 2 ildən çox davam edən fasilədən sonra qarşılıqlı olaraq diplomatlara viza verilməsini bərpa ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan XİN-i məlumat yayıb.
Avqust ayında Pakistan 33 hindistanlı diplomata, Hindistan isə Nyu-Dehlidəki Pakistan səfirliyinin 7 əməkdaşına viza verib.
Məlumata görə, viza verilməsinin bərpası Pakistan-Hindistan münasibətlərinin normallaşmasına doğru ilk addım ola bilər.
Bu, yanvar ayında BƏƏ hökumətinin vasitəçiliyi ilə Pakistan və Hindistan hərbçilərinin məxfi görüşünün keçirilməsi nəticəsində mümkün olub. Görüş zamanı yaxın gələcək üçün münasibətlərin normallaşmasının yol xəritəsi işlənib hazırlanıb. Məhz bu yol xəritəsinin icrası fevral ayında Pakistan və Hindistan silahlı qüvvələri arasında Kəşmirdə atəşkəs haqqında razılaşmanın əldə olunmasına şərait yaratmışdı.
Xatırladaq ki, 2 qonşu ölkəm arasında diplomatik münasibətlər 2019-cu ildə dondurulub.