Çinin nüvə arsenalına 500-dən çox operativ şəkildə yerləşdirilən döyüş başlığı daxildir və 2030-cu ilə qədər onların sayı 1 000-i keçə bilər.
“Report”un məlumatına görə, bu barədə Pentaqonun Çin Xalq Respublikasının hərbi gücünə dair növbəti illik hesabatında deyilir.
Sənəd baxılmaq üçün Konqresə təqdim edilib.
Hərbi qurumun hesablamalarına görə, 2023-cü ilin may ayında Çində xidmətdə olan "500-dən çox yerləşdirilmiş nüvə başlığı" var idi. 2030-cu ilə qədər yəqin ki, 1 000-dən çox olacaq. Hesabat müəlliflərinin fikrincə, Çin nüvə arsenalının genişlənmə tempi Amerika tərəfinin “proqnozlarını üstələyir”; 2022-ci ildə onun 100 döyüş başlığı daha az olub. ABŞ-ın arsenalında 3,7 minə yaxın nüvə başlığı var, onlardan 1 419-u yerləşdirilib.
“Biz görürük ki, Çin Xalq Respublikası öz nüvə qüvvələrini kifayət qədər sürətlə modernləşdirməyə, şaxələndirməyə və genişləndirməyə davam edir”, - Pentaqonun yüksək rütbəli rəsmisi jurnalistlərə deyib.
Bundan əlavə, Pentaqonun hesablamalarına görə, Pekin hərbi dəniz qüvvələrini genişləndirir. Belə ki, hazırda onların 370-dən çox gəmi və sualtı qayıqları var, halbuki 2022-ci ildə onların sayı 340 idi.
Pentaqonun ötənilki hesabatında bildirilirdi ki, Çin 2035-ci ilə qədər təxminən 1 500 nüvə başlığı yerləşdirməyə və silahlı qüvvələrinin modernləşdirilməsi prosesini başa çatdırmağa qadirdir.