Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Budapeştin sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.
"Mən yenidən Macarıstanın sülh missiyası çərçivəsində gəlmişəm", - P.Siyarto qeyd edib.
O vurğulayıb ki, son vaxtlar təhlükəli və məsuliyyətsiz qərarlar səbəbindən münaqişənin əvvəlindən eskalasiya riski ən yüksək həddədir. Macarıstan hesab edir ki, sülhün bərqərar olması üçün səylərə diqqət yetirmək lazımdır.
Macarıstan XİN başçısı əlavə edib ki, həll yolu yalnız danışıqlar masası arxasında tapıla bilər, diplomatik kanalları bağlayanlar və onları açıq saxladıqları üçün başqalarını tənqid edənlər əslində sülh istəmirlər.