“İran Rusiyaya silah tədarük etdiyinə görə avtomatik olaraq Ukraynadakı müharibədə maraqlı tərəfə çevrilir”.
Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq vurğulayıb ki, bu hərbi əməkdaşlıq beynəlxalq strukturlar tərəfindən Rusiyanın Ukraynada törətdiklərində İranın iştirak etməsi kimi qəbul olunur.
İ.Vəlizadənin sözlərinə görə, bununla əlaqədar Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində İranın bir sıra dövlət xadimlərinə qarşı sanksiyalar qəbul edilib: “Tərəflər təsdiqləyib ki, Rusiyaya letal silahların tədarükündə iştirak edən şəxslər sanksiyalara məruz qalmalıdır”.
İranın hərbi potensialını şərh edən politoloq bildirib ki, geniş silah arsenalına baxmayaraq, bu ölkənin ordusunun balansında olan silahların əksəriyyəti köhnəlib: “Söhbət ilk növbədə köhnə tank və təyyarə modellərindən gedir. Onlar 1960-1970-ci illərdə ABŞ-da istehsal olunmuş təyyarələrdir. O vaxt onları İran şahı ABŞ-dan alıb”.
O əlavə edib ki, İranın istehsal etdiyi ballistik raketlər regiondakı dövlətlərdə istehsal olunan raketlərdən geridə qalır: “Keyfiyyətli silahlara sahib olmaq üçün dünyanın hərbi texnika və məhsul istehsalçıları ilə aktiv əlaqələr və münasibətlər olmalıdır. İran isə belə əlaqələrə malik deyil. Bu ölkə sanksiyalar altındadır. Odur ki, hərbi məhsulların istehsalında dünya istehsalçıları ilə əməkdaşlıq etmək imkanından məhrumdur”.