ABŞ-ın dövlət katibi Maykl Pompeo İranda 2018-ci ilin etiraz aksiyalarında iştirak etmiş, həmçinin Şiraz şəhərində mühafizəçinin qətlində ittiham olunan 27 yaşlı güləşçi Navid Əfkarinin edamını pisləyib.
Bu barədə “Report” “İzvestiya”ya istinadən xəbər verir.
Amerika diplomatiyası başçısının sözlərinə görə, Əfkarinin həyatı və ölümü "unudulmayacaq".
"İran rejiminin Navid Əfkarini edam etməsi dəhşətlidir və amansızdır, biz bunu qətiyyətlə pisləyirik. Bu, insan ləyaqətinə açıq sui-qəsddir. İranlıları susmağa məcbur etmək olmaz", - Pompeo “Twitter”dəki hesabında yazıb.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari dünən səhər saatlarında edam edilib. Onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb.
İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı mühafizəçini öldürməkdə təqsirləndirərək ona ölüm hökmü çıxarıb. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində cinayəti törətmədiyini bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb.