ABŞ Prezidenti Co Baydeni müşayiət edən jurnalistlərdən bir neçəsi danışıqlar otağının qapısında yaranan sıxlıq səbəbindən prezidentlər Vladimir Putin və Co Bayden arasında görüşün əvvəlinə çata bilməyiblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalının efirində müxbiri Ketlin Kollinz məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə hər iki ölkədən olan jurnalistlərin danışıq otağına eyni zamanda daxil olmasına icazə verilməsi planlaşdırılırmış. Lakin mühafizəçilər jurnalistlərin içəri daxil olmasına icazə verdikdən dərhal sonra hər bir mətbuat nümayəndəsi, xüsusilə də fotoqraflar daha yaxşı yer tutmağa çalışıblar. Yaranmış sıxlıq səbəbilə ABŞ prezidenti ilə gəlmiş jurnalistlərin bəziləri zala daxil ola bilməyiblər.
Sıxlıq təxminən 15 dəqiqə olub. Nəticədə içəri hər iki tərəfdən yalnız bir neçə operator və fotoqraf daxil ola bilib. Bundan sonra içəri daha heç kimin daxil olmaması barədə qərar qəbul edilib.
Görüşün qalan hissəsi jurnalistlər üçün qapalı keçirilib.