Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin abidəsinin açılışı olub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Təntənəli mərasimdə ölkə prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.
Qeyd edək ki, artıq 2020-ci ilin iyulunda Nur-Sultanda Milli Müdafiə Universitetində Nazarbayevə abidə ucaldılıb.
Daha əvvəl Qazaxıstanın sabiq prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib ki, keçmiş dövlət başçısı ona respublikada abidə ucaltmaq ideyasını dəstəkləməyib. Mətbuat katibi vurğulayıb ki, Nazarbayev artıq dəfələrlə belə diqqət əlamətlərinin ona lazım olmadığı barədə danışıb.
Bundan əvvəl isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Bilal Çakıcı abidənin ucaldılması haqqında ideyanı səsləndirib. O, vurğulayıb ki, sabiq dövlət başçısı şəhərin dirçəlişinin təşəbbüskarı olub.