Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi və yerli şuralara seçkilərdə saat 10:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumata əsasən, seçici fəallığı sırasıyla 5,04 və 5,19 faiz olub.
Bu barədə “Report” Qırğızıstan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.
Referendumda 181 801 seçici, yerli seçkilərdə isə 172 139 seçici səs verib.
Ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3.3 milyon seçicinin adı salınıb. Referendum, seçicilərin 30% -dən çoxunun səs verəcəyi halda etibarlı sayılacaq. Artıq Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.
Qeyd edək ki, referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyir.