Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak əsas prioritetinin həm torilər arasında, həm də bütünlükdə ölkədə birliyin yaradılması olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün hakim partiyanın rəhbəri seçilən və bu əsasda baş nazir olacaq 42 yaşlı siyasətçi yeni vəzifəsində ilk ictimai çıxışında bildirib.
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz, şübhəsiz ki, iqtisadiyyatda dərin problemlə üzləşmişik. İndi bizə sabitlik və birlik lazımdır, mən partiyada və ölkədə birlik yaradılmasını qarşıma əsas prioritet kimi qoyacağam. Çünki bu, mövcud çətinlikləri aradan qaldıra, övladlarımız və nəvələrimiz üçün firavan gələcək yarada biləcəyimiz yeganə yoldur”, - Sunak deyib. Amma o, 84 saniyə davam edən çıxışında bunu necə edəcəyinə dair heç bir detalı açıqlamayıb.
Eyni zamanda siyasətçi bildirib ki, Mühafizəkarlar Partiyasının yeni lideri olmaq onun üçün təvazökarlıq və məmnunluq hissi yaradır. “Sizə dürüstlük və təvazökarlıqla xidmət edəcəyəm, ilk gündən Britaniya xalqı üçün hədəflərə çatmaq üçün çalışacağam”, - Sunak vəd verib.