İtaliyanın paytaxtı Roma şəhərinin Fiden rayonunda kafelərdən birində baş verən atışma nəticəsində Baş nazir Corca Meloninin rəfiqəsi də daxil olmaqla 3 qadın ölüb, daha 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Bildirilib ki, hadisə çoxmənzilli binanın sakinlərinin Şura toplantısı zamanı qeydə alınıb.
Belə ki, Romanın meri Roberto Qualteri silahlı atışmanı “zorakılığın ciddi epizodu” adlandırıb. Hadisə ilə əlaqədar şəhər hökuməti təcili müşavirə keçirir.
Qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən 57 yaşlı kişi saxlanılıb. Məlumata görə, onun Şura üzvlərinin bəziləri ilə fikir ayrılığı olub. O, atəş açarkən “hamınızı qıracağam” deyə qışqırıb. Yaralılardan ikisi kişi, ikisi isə qadındır. Xəsarət alan kişilərdən birinin vəziyyəti ağırdır.
İtaliyanın Baş naziri Corca Meloni bildirib ki, ölən qadınlardan biri - Nikoletta Qolisano onun rəfiqəsidir: “Heç kim belə ölməməlidir. Nikoletta qayğıkeş ana idi. 50 yaşı yenicə tamam olmuşdu. O, mənim yaddaşımda həmişə gözəl və xoşbəxt olaraq yaşayacaq”.
Məlumata görə, digər ölən qadınlar - Elizabetta Silensi və Sabina Sperandidir.