Fransa hökuməti Ruandada rəsmi Parisin dəstəklədiyi və əvvəlcədən gördüyü soyqırıma görə məsuliyyət daşıyır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ruanda tədqiqatçılarının dərc edilmiş hesabatında deyilir.
"Biz bu nəticəyə gəldik ki, Fransa hökuməti ciddi məsuliyyət daşıyır, ona görə ki, onlar qabaqcadan görülən soyqırımının baş verməsinə imkan verdilər. Fransa hökuməti uzun illər boyunca prezident Juvenal Habiarimanın korrupsiyaya uğramış və qanlı rejimini dəstəkləyirdi", - hökumətin saytında dərc edilmiş məruzənin nəticələrində deyilir.
Məruzəyə əsasən Fransa hakimiyyəti soyqırımı zamanı Ruanda hökumətinə - soyqırımını həyata keçirənlərə silah, texniki dəstək verib, onu müdafiə edib. Yerli hakimiyyət orqanları isə həmin vaxt Fransanın mənafeyi naminə hərəkət ediblər.
Ruanda tədqiqatçılarının hesab etdiyi kimi, Fransanın keçmiş prezidenti Fransua Mitteran da, həmçinin 1994-cü il hadisələrində təqsirkardır. O, soyqırımı haqqında bilib və bir sıra fransız siyasətçilərin xəbərdarlıqlarına baxmayaraq, Ruanda hakimiyyətini dəstəkləyib.
Ruandanın hesabatı Fransada komissiyanın oxşar məruzəsindən sonra dərc edilib. Onun nəticələri Fransanın məruzəsinin nəticələrinə oxşardır, ancaq daha geniş təfərrüata malikdir və uzun müddəti əhatə edir.