“Rusiyanın Latviyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılacaq”.
“Report” xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynanın bir sıra rayonlarını işğal etməsi və qeyri-qanuni ilhaqdır.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.
Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.
Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.