Azərbaycan çox ardıcıl və savadlı siyasət yürüdür.
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mariya Butina Prezident Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən görüş və danışıqlar tarixi hadisədir. Deputat qeyd edib ki, Vladimir Putinin səfəri iki ölkə liderləri arasında mövcud olan möhkəm və dostluq münasibətlərini bir daha nümayiş etdirib:
“Biz iki ölkənin liderlərinin necə səmimi ünsiyyət qurduğunu görürük. Putin dostluq əsasında münasibətlər qurur. Diplomatiya liderlərin ilk növbədə dostlaşmasıdır, çünki dialoq məhz buradan yaranır”.
Məhdud tərkibdə başlayan görüşdən sonra dövlət başçıları və Azərbaycan Prezidentinin xanımı arasında səmimi salamlaşma olub.
Mariya Butina hesab edir ki, danışıqların yekunları üzrə ikitərəfli ticarətin genişlənməsinə töhfə verəcək bir sıra mühüm sazişlər imzalanıb.
O, Azərbaycanda rus dilinin qorunub saxlanmasının vacibliyini xüsusilə vurğulayıb. “Çox sevindirici haldır ki, Azərbaycanda rus məktəblərinin inkişafı davam edir, heç bir rus məktəbinin fəaliyyət göstərmədiyi Ermənistandan fərqli olaraq Azərbaycanda rus dilinə böyük diqqət yetirilir ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Fikrimcə, prezidentlərin münasibətlərindəki səmimilik bundan da qaynaqlanır”, - deputat əlavə edib.
O hesab edir ki, danışıqlarda, o cümlədən bağlı qapılar arxasında müzakirə olunan məsələlərin bir çoxunun Rusiya və Azərbaycan üçün uzunmüddətli müsbət nəticələri olacaq.
Liderlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinin zəruriliyini qeyd ediblər. "Əminəm ki, Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlar hər iki ölkənin hökumətlərinin və deputat korpusunun gələcək işinə təkan verəcək başlanğıcdır", - o bildirib.
Mariya Butinanın sözlərinə görə, Vladimir Putinin Bakıya səfəri, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətləri tarixində yeni səhifə açır.