NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin fevralın 17-18-də videokonfrans formatında görüşü olacaq.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, alyansın gündəliyinin əsas mövzusu Əfqanıstandakı vəziyyət olacaq. NATO-nun İraqdakı missiyasının genişləndirilməsi, Çin və Rusiya ilə bağlı hadisələrin də müzakirəsi keçiriləcək.
Toplantıdan əvvəl alyansın baş katibi Yens Stoltenberq bildirib: “Əfqanıstanın yenidən terror qruplaşmalarının sığındığı limana çevrilməsinə icazə verməyəcəyik”.
Onun sözlərinə görə, müdafiə texnologiyasında yeniliklər, NATO-nun strateji konsepsiyası, iqlim dəyişikliyi, Çin və Rusiya ilə bağlı məsələlər müzakirə olunacaq. Nazirlər 2021-ci ildə üzv dövlətlərin liderlərinin Zirvə toplantısına hazırlığa dair fikir mübadiləsi edəcəklər.
Bu görüş ABŞ-ın müdafiə naziri Lloyd Austinin müttəfiq dövlətlərin müdafiə nazirləri ilə ilk görüşü olacaq.