Böyük Britaniyanın paytaxtı Londonun fəaliyyətdə olan meri Sadik Xan ikinci dəfə bu posta seçkidə qalib gəlib.
“Report” BBC-yə istinadən xəbər verir ki, bununla da 2016-cı ildə Londonun meri olan Sadik Xan daha üç il müddətinə bu vəzifədə qalacaq.
Bildirilib ki, adətən London meri 4 il müddətinə seçilir. Ancaq 2020-ci ildə koronavirusa görə seçkilər keçirilmədiyi üçün Sadik Xanın səlahiyyət müddəti bir il uzadılmışdı. Ona görə də növbəti dövrdə 51 yaşlı siyasətçi üç il mer işləyəcək.
Xan Leyboristlər Partiyasından bu posta seçilib. Onun əsas rəqibi Konservatorlar Partiyasından Şon Beyli olub. O, səsvermədə ikinci yeri tutub. Seçkinin ikinci turunun nəticələrinə əsasən, Sadik Xana səsvermədə iştirak edən seçicilərin 55,2 faizi ( 1,2 mln seçici), Şon Beyliyə isə 44 faizi (977 minə yaxın seçici) səs verib.