“Çin və ABŞ qarşılıqlı faydalı əməkdaşlığa riayət etməli, sülh şəraitində yaşamalı və beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”.
“Report” xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenlə virtual görüşdə deyib.
Onun sözlərinə görə, hər iki ölkə iqlim dəyişikliyinə effektiv cavab vermək və COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün ikitərəfli münasibətlərin sabitliyini təmin etməlidir:
“Çin və ABŞ-ın inkişafını təşviq etmək, dinc və sabit beynəlxalq mühiti qorumaq, o cümlədən iqlim dəyişikliyi və COVID-19 pandemiyası kimi qlobal çağırışlara effektiv cavab vermək,- bütün bunlar sağlam və sabit Çin-Amerika münasibətlərini tələb edir. Hazırda Çin və ABŞ öz inkişafının əsas mərhələsindədir və bəşəriyyət bir çox problemlərlə üz-üzədir. Dünyanın iki ən böyük iqtisadiyyatına malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və ABŞ kommunikasiya və əməkdaşlığı gücləndirməlidir”.
İki liderin onlayn görüşü saat 08:46-da (Bakı vaxtı ilə 04:46) başlayıb. Bu, Cozef Baydenin 2021-ci ilin yanvarında vəzifəyə başlamasından sonra Si Cinpinlə ilk görüşdür. Bundan əvvəl dövlət başçıları arasında yalnız telefon danışıqları baş tutub.
Qeyd edək ki, Pekin və Vaşinqton arasında vaxt fərqi 13 saatdır.