Siyasi şərhçi: “Türkiyənin qlobal oyunçu kimi rolu xeyli artıb”

Siyasi şərhçi: “Türkiyənin qlobal oyunçu kimi rolu xeyli artıb” “Türkiyənin nüfuzlu və qlobal oyunçu kimi rolu əhəmiyyətli dərəcədə artıb”.
Digər ölkələr
26 Aprel , 2023 14:25
Siyasi şərhçi: “Türkiyənin qlobal oyunçu kimi rolu xeyli artıb”

“Türkiyənin nüfuzlu və qlobal oyunçu kimi rolu əhəmiyyətli dərəcədə artıb”.

Siyasi şərhçi Murad Sadəddinov “Report”a açıqlamasında bildirib ki, buna eyni zamanda bir neçə amil səbəb olub.

"Ölkəyə Türkiyənin və türk dünyasının milli maraqlarına xidmət edən güclü və müstəqil lider rəhbərlik edir. İkinci amil Türkiyənin iqtisadi imkanları və təbii ki, hərbi gücüdür", - Sadəddinov bildirib.

Politoloq “Taxıl sazişi”nin əldə olunmasında Türkiyənin mühüm vasitəçilik rolu oynadığını vurğulayıb.

"Bundan başqa, Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişafında bilavasitə iştirak edir. Türkiyənin Cənubi Qafqaz regionunda təhlükəsizliyin və ədalətin təmin olunmasında rolu da böyükdür. Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsində Azərbaycana dəstək verməklə Türkiyə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etməyə kömək etdi”, - o əlavə edib.

“Daily Sabah” nəşrinin məlumatına görə, dünya üzrə 255 diplomatik nümayəndəliyi olan Türkiyə bu baxımdan ilk beş ölkə arasında yer alıb.

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi siyasəti daha qlobal xarakter alıb.

Türkiyə mətbuatının məlumatına görə, 2002-ci ildə 80 milyard dollar təşkil edən Türkiyənin xarici ticarəti 2022-ci ildə 614 milyard dollara çatıb.

Partiyanın sədri və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, iqtisadiyyat, diplomatiya, terrorla mübarizə və qeyri-qanuni miqrasiyanın idarə olunması AKP-nin müvəffəqiyyət qazandığı və bu gün də uğur qazanmaqda davam etdiyi 4 sahədir.

Ölkə iqtisadiyyatının mühüm tərkib hissələrindən biri də turizm sektorudur. Ümumdünya Turizm Təşkilatının 2021-ci il üzrə hesabatına görə, Türkiyə turist sayına görə dünya üzrə 4-cü yerdədir. “Hürriyet” qəzeti Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına istinadən yazır ki, Türkiyənin 2022-ci ildə turizm sahəsində əldə etdiyi gəlir 46 milyard dolları ötüb ki, bu da rekord hesab olunur. Qeyd edək ki, bu göstərici 2021-ci illə müqayisədə 53,4% çoxdur.

Türkiyə enerji sektorunu, xüsusilə də bərpa olunan enerji mənbələrinin istehsalını fəal şəkildə inkişaf etdirir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol qeyd edib ki, Türkiyə dünya alternativ enerji mərkəzinə və onun ən böyük ixracatçılarından birinə çevrilə bilər. 2022-ci ildə İstanbulda keçirilmiş hidrogen enerjisi üzrə beynəlxalq konfransda hidrogenin saxlanması, təmizlənməsi və tədarükü məsələləri müzakirə edilib, hidrogen iqtisadiyyatı və siyasətinə xüsusi diqqət ayrılıb.

Son xəbərlər

Orphus sistemi