Somalinin cənubunda, ölkə paytaxtı Moqadişonun yaxınlığında yerləşən iki hərbi bazaya “Aş-Şabab” terrorçularının hücumu nəticəsində 47 hərbçi öldürülüb, 6 hərbi avtomobil ələ keçirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Dalsan” radiostansiyası yayıb.
Somali Silahlı Qüvvələrinin nümayəndəsi Hüseyn Nur bildirib ki, Barir və Avdiqle şəhərlərindəki hərbi bazalara silahlıların hücumu nəticəsində hər iki tərəfdən itkilər var. Onun sözlərinə görə, hökumət qoşunlarına yardım etmək üçün şimaldan gələn hərbçilərin karvanına da hücum olub.
İtkilərin və yaralıların sayının artacağı istisna edilmir.