Əfqanıstan hökuməti “Taliban” radikal islamçı hərəkatı ilə imzaladıqları sülh sazişinə görə hərəkatın həbsdə olan 5 min üzvü azadlığa buraxılmalıdır.
“Report” “1 TV”yə istinadən xəbər verir ki, hökumət həmin miqdara yaxın sayda yaraqlı azad edib. Lakin yeddi nəfər talibançı bir sıra xarici dövlətlərin etirazları üzündən hələ də həbsdədir.
Ölkənin Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Fəysal “Taliban” tərəfindən əsir götürülən təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da azad edildiyini, yeddi talibançı ilə bağlı Dohada danışıqların davam etdiyini diqqətə çatdırıb.
Bundan əvvəl mənbələr həmin yeddi nəfərin protokola görə Qətərə yola salınacağını bildirmişdi. Sözügedən ölkədə “Taliban” nümayəndəliyinin başçısı Əhmədullah Vasiq də yeddi talibançının onlara təhvil veriləcəyini açıqlamışdı.