Suriyadakı rejimin başçısı Bəşşar Əsədin silahlılarının və İranın dəstəklədiyi terrorçu qrupların İdlib ətrafında yerləşən Meşşu, İblin və Belyun kəndlərinə hücumu nəticəsində 8 mülki vətəndaş ölüb, 9 dinc sakin isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Suriya Mülki Müdafiə təşkilatının media üzrə məsul şəxsi Həsən əl-Əhməd “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində İblin kəndində 5, Beylunda 2 və Meşşunda bir dinc sakin ölüb. Yaralanan 9 mülki sakin hospitala yerləşdirilib.
Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya və İran Suriyanın İdlib və ona qonşu Lazkiya, Hama və Hələb əyalətlərinin bəzi rayonları, Humus əyalətinin şimal hissəsi, ölkə paytaxtı Dəməşqin Şərqi Guta, onun cənubunda yerləşən Dera və Kuneytr əyalətlərini "gərginliyi azaltma bölgəsi" elan edib.