Suriyanın şimalındakı Cerablus şəhərinin PKK/PYD/YPG terror təşkilatının silahlıları tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində iki dinc sakin həlak olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Suriya ilə sərhəd əyaləti Qaziantep administrasiyasının xəbərində deyilir.
İnformasiyaya əsasən, Cerablusda hücuma məruz qalan Al-Xumran yaşayış məntəqəsidir. Terrorçular ora 3 mərmi atıblar.
Bildirilir ki, atəş nəticəsində qadın və uşaq həlak olub. Bununla yanaşı, daha bir qadın xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.
Cerablus Türkiyənin Silahlı Qüvvələrinin "Fərat qalxanı" əməliyyatı nəticəsində terrorçulardan azad edilib.