Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib.
Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı nəticəsində YPG/PKK terrorçularından təmizlənib. Hazırda terrorçular qonşu Tell-Rifata nəzarət edirlər.