Suriyada vətəndaş müharibəsinin başlamasından 10 il ötür.
“Report” xatırladır ki, 2011-ci il martın 15-də Suriyanın cənubundakı Dra əyalətində məktəblərdən birində “Ey doktor (Bəşşar Əsəd - red), indi növbə sənə çatdı!” şüarı ilə xalq üsyanı başlayıb.
B.Əsəd xalqın etiraz səsini qan və göz yaşları içində boğmağa çalışıb. Minlərlə insan küçə və xiyabanlarda islahat tələbi ilə etiraz aksiyasına, yürüşlərə qoşulub və B.Əsəd “terrorçu” elan olunub. O, hərbçi və polis qüvvələrini etirazçıların üzərinə yeridib.
Odur ki, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd və oğlu Bəşşar Əsəd rejiminin illərlə öz vətəndaşlarına qarşı işgəncə və təzyiqləri vətəndaş müharibəsinin başlamasına səbəb olub.
“TRTHaber”in araşdırmasına görə, müharibə nəticəsində 22-23 milyon əhalisi olan Suriyanın 6 milyon 702 min vətəndaşı qaçqın vəziyyətinə düşüb, yüz minlərlə insan ölüb. Suriyalı qaçqınların 3,6 milyonu Türkiyədəki qaçqın düşərgəsində məskunlaşıb. 13 milyon mülki suriyalı humanitar yardıma möhtac vəziyyətdədir.
B.Əsəd rejiminin Rusiyanın yardımı ilə həyata keçirdiyi hücumlar nəticəsində 2 995 məktəb dağıdılıb. Müharibə dövründə 709 KİV nümayəndəsi öldürülüb.
B.Əsəd bu müharibədə 217 dəfə kimyəvi silahdan istifadə edib. Kütləvi qırğın silahı ilk dəfə 2012-ci ilin dekabrında Humusda, sonuncu dəfə isə 2019-cu il mayın 19-da Lazkiye bölgəsinin Kebinə kəndində tətbiq edilib.
2014-cü il iyunun 30-da İŞİD öz “xilafətini” elan edib. 2015-c il sentyabrın 30-da Rusiya bu müharibəyə qoşulub. 2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri “Fırat qalxanı”, 2018-ci il yanvarın 20-də isə Türkiyə ordusu Suriyada “Zeytun budağı”, 2019-cu il oktyabrın 9-da “Sülh bulağı” antiterror əməliyyatına başlayıb. 2019-cu il oktyabrın 27-də İŞİD terrorçu qruplaşmasının lideri əl-Bağdadi öldürülüb.
2020-ci il fevralın 27-də Türkiyə Silahlı Qüvvələri “Bahar qalxanı” antiterror əməliyyatına başlayıb. 2020-ci il martın 5-də Rusiya ilə Türkiyə İdlibdə atəşkəs məsələsində razılaşıb.